“Dövlət qulluğu haqqında” Qanun

I fəsil. Ümumi müddəalar

Maddə 1. Qanunun məqsədi

Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

Maddə 2. Dövlət qulluğu

2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.

2.3. Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.

Bu orqanların (Azərbaycan Respublikasının Milli Bankı istisna olmaqla) aparatlarında calışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər — xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu qanun şamil edilir.

2.4. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.

2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

2.6. Çıxarılıb

Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri

3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;

3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;

3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.

Maddə 4. Dövlət qulluğunun prinsipləri

4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:

4.1.1. qanunçuluq;

4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;

4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;

4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;

4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;

4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;

4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi;

4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;

4.1.9. irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;

4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası;

4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;

4.1.12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması.

4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.

4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar və siyasi partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur.

Maddə 5. Dövlət qulluğunu idarəetmə orqanları

5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra—Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.

5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.

Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik

Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.

II fəsil. Dövlət orqanları

Maddə 7. Dövlət orqanı anlayışı

7.1. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır.

7.2. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.

Maddə 8. Dövlət orqanlarının təsnifatı

8.1. Dövlət orqanları öz səlahiyyətlərinə görə aşağıdakı təsnifata bölünürlər:

8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən orqanlar, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);

8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən yuxarı dövlət orqanı və Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı—müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi (2-ci kateqoriya dövlət orqanları);

8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası  ilə müəyyən edilən dövlət orqanları— Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi (3-cü kateqoriya dövlət orqanları);

8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunla müəyyən edilən dövlət orqanları— Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (4-cü kateqoriya dövlət orqanları);

8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları, o cümlədən müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Milli Televiziya və Radio Şurasının Aparatı (5-ci kateqoriya dövlət orqanları);

8.1.6. Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı (6-cı kateqoriya dövlət orqanları);

8.1.7. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri, onların yanında, tabeliyində olan regional orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanları, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq qanunla müəyyən edilən dövlət orqanları—rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr (Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə istisna olmaqla) və yerli iqtisad məhkəmələri (7-ci kateqoriya dövlət orqanları).

8.2. Çıxarılıb

8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin muvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu qanun əsasında müəyyən edilir.

III fəsil. Dövlət qulluğu vəzifəsi

Maddə 9. Dövlət qulluğu vəzifəsinin anlayışı

Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutuan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.

Maddə 10. Dövlət orqanlarında vəzifələrin təsnifatı

10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.

10.2. Çıxarılıb

10.3. Çıxarılıb

10.4. Siyasi vəzifələri tutan şəxslərn hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunun qüvvəsi onlara şamil edilmir.

10.5. İnzibati vəzifələr 1-ci — 7-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir, İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

10.6. Yardımçı vəzifələr 1-ci — 7-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

Maddə 11. İnzibati və yardımçı vəzifələrin təsnifatı

11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatı vardır:

11.1.1. inzibati vəzifələrin birinci təsnifatı — 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifələri;

11.1.2. inzibati vəzifələrin ikinci təsnifatı — Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında təmin edən dövlət qulluqçularının vəzifələri, 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;

11.1.3. inzibati vəzifələrin üçüncü təsnifatı — 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları rəhbərləri müavinlərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;

11.1.4. inzibati vəzifələrin dördüncü təsnifatı — 1-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin vəzifələri, 4-cü və 5-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanı — Bakı şəhər icra hakimiyyəti başçısının müavinlərinin vəzifələri;

11.1.5. inzibati vəzifələrin beşinci təsnifatı — 2-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərləri müavinlərinin vəzifələri, 4-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 5-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 6-cı kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya — yerli icra hakimiyyəti orqanları başçılarının, müavinlərinin vəzifələri;

11.1.6. inzibati vəzifələrin altıncı təsnifatı — 3-cü, 4-cü və 5-ci kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 6-cı kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;

11.1.7. inzibati vəzifələrin yeddinci təsnifatı — 6-cı kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, 7-ci kateqoriya dövlət orqanlarının mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində olan regional orqanları rəhbərlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri rəhbərlərinin, yerli icra hakimiyyəti orqanlarının bölmə rəhbərlərinin, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların rəhbərlərinin vəzifələri;

11.1.8. inzibati vəzifələrin səkkizinci təsnifatı 7-ci kateqoriya dövlət orqanlarının — mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində olan regional orqanları rəhbərləri müavinlərinin vəzifələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri rəhbərləri müavinlərinin vəzifələri, yerli icra hakimiyyəti orqanları bölmə rəhbərləri müavinlərinin, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqan rəhbərləri müavinlərinin vəzifələri;

11.1.9. inzibati vəzifələrin doqquzuncu təsnifatı — 7-ci kateqoriya dövlət orqanlarının — mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və yanında, tabeliyində olan regional orqanları mütəxəssislərinin vəzifələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri mütəxəssislərinin vəzifələri, yerli icra hakimiyyəti orqanları bölmə mütəxəssislərinin, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların mütəxəssislərinin vəzifələri, yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələrinin vəzifələri, rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr və yerli iqtisad məhkəmələri aparatlarının mütəxəssislərinin vəzifələri.

11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatı vardır:

11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı — 1-ci  kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı — 2-ci  kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı — 3-cü  kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı — 4-cü  kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.5. yardımçı vəzifələrin beşinci təsnifatı — 5-ci  kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.6. yardımçı vəzifələrin altıncı təsnifatı — 6-cı və 7-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.

11.3. Çıxarılıb

11.4. Dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri 1-7-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.

Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd:

11-ci maddədə «dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)» dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.

Maddə 12. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu

12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir.

12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri

13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.

13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.

13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin müvafiq orta təhsili olmalıdır. Həmin şəxsin başqa orta təhsili və ya ümumi orta təhsili olduqda, o, hazırlığını dəyişdirib iddiasında olduğu yardımçı vəzifənin profilini öyrənməlidir.

13.4. İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir.

IV fəsil. Dövlət qulluqçusu

Maddə 14. Dövlət qulluqçusu

14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.

14.2. inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir.

14.3. Çıxarılıb

Maddə 15. Dövlət qulluqçusunun andı

15.1. And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

15.2. İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:

«Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».

15.3. Andiçmə təntəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

15.4. Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

15.5. Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.

15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.

Maddə 16. Dövlət qulluqçularının ixtisas dərəcələri

16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.

16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:

16.2.1. inzibati vəzifələrin birinci təsnifatı üzrə — həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri;

16.2.2. inzibati vəzifələrin ikinci təsnifatı üzrə — 1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri;

16.2.3. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə — 3-cü dərəcə dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri və dövlət qulluğunun müşaviri;

16.2.4. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə — dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;

16.2.5. inzibati vəzifələrin beşinci təsnifatı üzrə — dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu;

16.2.6. inzibati vəzifələrin altıncı təsnifatı üzrə — dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu;

16.2.7. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə — 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu;

16.2.8. inzibati vəzifələrin səkkizinci təsnifatı üzrə — 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu;

16.2.9. inzibati vəzifələrin doqquzuncu təsnifatı üzrə — 3-cü dərəcə dövlət qulluqçusu, kiçik dövlət qulluqçusu.

16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:

16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı üzrə — dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti;

16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə — dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti;

16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə — dövlət quluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti;

16.3.4. yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə — dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti;

16.3.5. yardımçı vəzifələrin beşinci təsnifatı üzrə — dövlət qulluğunun 3-cü dərəcə referenti, dövlət qulluğunun kiçik referenti;

16.3.6. yardımçı vəzifələrin altıncı təsnifatı üzrə — dövlət qulluğunun kiçik referenti.

Maddə 17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi

17.1. İxtisas dərəcələri bu qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

17.2. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.

Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.

17.3. İnzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün həmin təsnifatlara daxil olan vəzifələrdə azı 7 il qulluq stajı, eyni zamanda müvafiq vəzifədə azı 3 il qulluq stajı olmalıdır. Üçüncü təsnifat inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun yalnız müvafiq vəzifədə azı 5 illik qulluq stajının olması, həmin dövlət qulluqçusunun 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi alması üçün əsasdır.

İnzibati vəzifələrin dördüncü-yeddinci təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.

Bu maddənin birinci və ikinci hissələrində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.

Bu qanunun 17.3-cü maddəsinin birinci və ikinci hissələrində «müvafiq vəzifə» və «müvafiq vəzifədə» dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur.

17.4. Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

    • dördüncü-altıncı təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;
    • yeddinci-doqquzuncu təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir.
    • Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
    • birinci-üçüncü təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;
    • dördüncü-altıncı təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.

17.5. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17.6. Bu qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır.

Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri

18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:

18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;

18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;

18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;

18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;

18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;

18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;

18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı;

18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;

18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli;

18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli;

18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;

18.0.12. etik davranış qaydalarına əməl etməlidir.

Maddə 19. Dövlət qulluqçusunun əsas hüquqları

19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir:

19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;

19.0.2. dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;

19.0.3. dövlət məvacibi almaq;

19.0.4. ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq;

19.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq;

19.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;

19.0.7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək;

19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək;

19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;

19.0.10. həmkarlar ittifaqlarında birləşmək;

19.0.11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;

19.0.12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;

19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;

19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər), özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq.

Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər

20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:

20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa;

20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa;

20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;

20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;

20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;

20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;

20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;

20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.

20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.

20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.

Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar

21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:

21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;

21.1.2. lazımi qulluq şəraiti;

21.1.3. haqqı ödənilən məzuniyyət;

21.1.4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;

21.1.5. təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə;

21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;

21.1.7. pensiya təminatı və dövlət sosial sığortası;

21.1.8. qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;

21.1.9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;

21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.

21.2. Çıxarılıb

21.3. Dövlət qulluqçusu bu qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə bilər.

21.4. Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir.

21.5. Çıxarılıb

Maddə 22. Dövlət məvacibi

22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır.

22.2. Dövlət məvacibi vəzifə maaşındın, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.

22.3. İnzibati vəzifələrin 9-cu təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin 6-cı təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir.

22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.

22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.

22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir.

22.7. Dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericilikdə müəyyən edilmiş qaydada artırılır. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Bu maddə Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.

22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir.

Maddə 22-1. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi

22-1.1. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi dövlət qulluqçusunun əlavə peşə təhsilini təşkil edir.

22-1.2. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi vaxtı onun qulluq stajına daxildir.

22-1.3. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi üçün aşağıdakılar əsasdır:

22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi;

22-1.3.2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi;

22-1.3.3. dövlət qulluqçusunun attestasiyası və ya onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi;

22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü.

22-1.4. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi həmin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.

22-1.5. Dövlət qulluqçusunun yenidənhazırlanma və ixtisasartırma keçməsi dövlət təhsil müəssisələri və mərkəzləri tərəfindən aparılır.

22-1.6. Dövlət qulluqçusu əlavə peşə təhsili almaq üçün xarici ölkələrə ezam edilə bilər.

22-1.7. Dövlət qulluqçusunun əlavə peşə təhsili qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir.

22-1.8. Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı

23.1. Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir.

23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.

23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.

23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.

23.5. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilir.

Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması

24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.

24.2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən edilir.

Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti

25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.

25.2. Dövlət qulluqçusu bu qanunun 18-ci, 20-ci və ya 25.8-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:

25.2.1. töhmət;

25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;

25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;

25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması;

25.2.6. dövlət qulluğundan azad edilməsi.

25.3. Bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.

25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25.5. Dövlət qulluqçularına intizam tənbehi bu qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

25.6. Bu qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.

25.7. Bu qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.

25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.

25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

25.11. Dövlət qulluqçusu «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.

Maddə 26. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti

26.1. Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.

26.2. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur.

V fəsil. Dövlət qulluğu keçmə

Maddə 27. Dövlət qulluğuna qəbul edilmək hüququ

27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.

27.2. Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:

27.2.1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

27.2.2. məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

27.2.4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;

27.2.5. Qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

27.3. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

Maddə 28. Dövlət qulluğuna qəbul

28.1. Dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər.

28.2. İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müvafiq icra hakimiyyəti orqanı müsabiqə elan edir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında müraciət daxil olan gündən 20 iş günü müddətində müvafiq dövlət orqanı vakant olan vəzifələr barədə məlumatı təqdim etməlidir.

28.3. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

28.4. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir və vahid test imtahanından və müsahibədən ibarət olur. Müsabiqənin elan edilməsi, keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

28.5. Test imtahanından müvəffəqiyyətlə çıxanlar müsahibəyə buraxılırlar. Test nümunələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hazırlanır və təsdiq olunur.

28.6. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək bir il müddətinə stajçı kimi qulluğa qəbul edir və vakant vəzifəyə təyin edir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28.7. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu qanunun 28-ci maddəsinə müvafiq olaraq yenidən müsabiqədən müvəffəqiyyətlə keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə müvafiq olaraq yenidən müsabiqədən müvəffəqiyyətlə keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.

28.8. Daimi dövlət qulluğuna qəbul edilmiş və bu qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu qanunun 28.6-cı maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.

28.9. «2007 — 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində xaricdə təhsil almış şəxslər müvafiq icra hakimiyyəti orqanında ehtiyat kadr kimi saxlanılır və qanunvericiliyə uyğun olaraq, həmin orqan bu şəxslərin müsabiqədən kənar dövlət qulluğuna qəbul edilməsi üçün müvafiq dövlət orqanına təqdimat verir.

28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.

Maddə 29. İnzibati vəzifələrin tutulması

29.1. İnzibati vəzifələrin birinci—beşinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

29.2. Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin altıncı—doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir.

Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı və qulluq funksiyası eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir.

Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.

Müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 29.4-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir.

29.3. Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin altıncı—doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir.

29.4. Müsahibə barədə elan inzibati vəzifənin aid olduğu dövlət orqanı və ya həmin dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir.

29.5. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.

Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

29.6. Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı üç nəfərdən az olmayan tərkibdə yaradılır.

29.8. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.

29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

29.9.1. ixtisas dərəcəsi;

29.9.2. attestasiyanın nəticələri;

29.9.3. müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçilməsi və ixtisasın artırılması.

29.10. Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir.

29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə əsasında tutulması barədə qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.

Maddə 30. Dövlət qulluğunun şərtləri

30.1. Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

30.2. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.

30.3. İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir:

30.3.1. 5 ildən 10 ilədək əmək stajına görə—2 təqvim günü;

30.3.2. 10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü;

30.3.3. 15 ildən çox əmək stajına görə—6 təqvim günü;

30.4. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur:

30.4.1. mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi;

30.4.2. iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı;

30.4.3. digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər.

30.5. Müvvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər uşaq müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur.

30.6. Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Maddə 30-1. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi

30-1.1. İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri dövlət qulluqçusunun attestasiyası zamanı nəzərə alınır.

30-1.2. Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir.

30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

30-1.3.1. peşə bilikləri;

30-1.3.2. xidməti vəzifələrə münasibət;

30-1.3.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;

30-1.3.4. yaradıcılıq və təşəbbüskarlıq;

30-1.3.5. əmək intizamı;

30-1.3.6. iş təcrübəsi və onu bölüşmə;

30-1.3.7. kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər.

30-1.4. Rəhbər işçilərin xidməti fəaliyyəti bu Qanunun 30-1.3-cü maddəsində göstərilənlərə əlavə olaraq, aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

30-1.4.1. təhlil və proqnozlaşdırma;

30-1.4.2. idarəetmə;

30-1.4.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;

30-1.4.4. komanda qurmaq bacarığı.

30-1.5. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:

30-1.5.1. əla;

30-1.5.2. yaxşı;

30-1.5.3. kafi;

30-1.5.4. qeyri-kafi.

30-1.6. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Bu sənəddə dövlət qulluqçusunun fəaliyyəti bütün meyarlar üzrə qiymətləndirilir və bununla bağlı şərhlər verilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun rəyi əlavə edilir.

30-1.7. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair normativ aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işinə əlavə edilir.

Maddə 31. Dövlət qulluqçusunun attestasiyası

31.1. İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu, bu qanunda başqa hal nəzərdə tutulmayıbsa, beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.

31.2. Attestasiya kollegial, obyektiv surətdə, müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin və müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq edir.

31.3. Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarılır.

31.4. Attestasiyanın əsas məqsədləri aşağıdakılardır:

31.4.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;

31.4.2. dövlət qulluqçusunun potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyini artırmağa stimullaşdırılması;

31.4.3. dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi.

31.5. Attestasiyanın keçirilməsinin müddətləri və cədvəli müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

31.6. Attestasiya komissiyasının üzvləri tərəfindən dövlət qulluqçusuna yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan dövlət qulluqçusunun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

31.7. Tutduğu vəzifədə 1 ildən az qulluq keçən, habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam etdirməyə başladıqdan sonra bir ildən tez olmayaraq attestasiyadan keçməlidirlər.

31.8. Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı digər üç komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksək ixtisaslı mütəxəssislər, elmi ekspertlər daxil edilə bilərlər.

31.9. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.

Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya habelə əvvəlki attestasiyanın attestasiya vərəqəsi təqdim edilir.

31.10. Dövlət qulluqçusu attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən dövlət qulluqçusunun fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

31.11. Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir və həmin dövlət qulluqçusu barəsində bu qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər. Dövlət qulluqçusu üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Dövlət qulluqçusu üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin dövlət qulluqçusu növbəti attestasiyadan keçməlidir.

31.12. Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:

31.12.1. tutduğu vəzifəyə uyğun gəlir;

31.12.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir;

31.12.3. tutduğu vəzifəyə uyğun gəlmir.

31.13. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən dövlət qulluqçularının təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda komissiya irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.

31.14. Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət və komissiyanın tövsiyələri attestasiyadan keçən dövlət qulluqçusunun iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.

31.15. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir.

31.16. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

31.17. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusuna verilir.

31.18. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, dövlət qulluqçusunun irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir.

31.19. Bu qanunun 31.18-ci maddəsində nəzərdə tutulmuş qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.

31.20. Dövlət qulluqçusunun üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 ay müddətinə daxil edilmir.

31.21. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı şikayətə daxil olduğu gündən sonra 20 iş günü ərzində baxır.

Maddə 32. Dövlət qulluğunda irəli çəkilmək hüququ

32.1. Dövlət qulluqçusu bu qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə, habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.

32.2. Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması, habelə boşalmış vəzifənin tələblərinə uyğun olaraq təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməyin nəticələri nəzərə alınmaqla həyata keçirilir.

32.3. Çıxarılıb

32.4. Çıxarılıb

Maddə 33. Dövlət qulluğuna xitam verilməsi

33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:

33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;

33.1.2. dövlət orqanı ləğv edildikdə;

33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;

33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;

33.1.5. bu qanuna uyğun olaraq yaradılmış attestasiya komissiyası tərəfindən peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri səviyyəsinin kifayət dərəcədə olmadığına görə dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə verilmiş qiymət və tövsiyələr əsasında dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müvafiq qərar qəbul edildikdə;

33.1.6. Bu qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;

33.1.7. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;

33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;

33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;

33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə.

33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.

IV fəsil. Yekun müddəalar

Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri

Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Maddə 35. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 21 iyul 2000-ci il

№ 926-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (7 fevral 2001-ci il, №30)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (2001-ci il, № 1, maddə 1).

13 fevral 2001-ci il tarixli, 74-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 359-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 398-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli; 4 may 2004-cü il tarixli, 646-IQD nömrəli; 8 iyun 2004-cü il tarixli, 684-IIQD nömrəli; 10 sentyabr 2004-cü il tarixli, 751-IIQD nömrəli; 15 aprel 2005-ci il tarixli, 886-IIQD nömrəli; 10 may 2005-ci il tarixli, 914-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 980-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 78-IIIQD nömrəli; 12 may 2006-cı il tarixli, 108-IIIQD nömrəli; 30 may 2006-cı il tarixli, 122-IIIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 159-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 167-IIIQD nömrəli; 28 noyabr 2006-cı il tarixli, 179-IIIQD nömrəli; 16 fevral 2007-ci il tarixli, 246-IIIQD nömrəli; 10 aprel 2007-ci il tarixli, 303-IIIQD nömrəli; 31 may 2007-ci il tarixli, 356-IIIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 420-IIIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 458-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 504-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 510-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 536-IIIQD nömrəli; 12 fevral 2008-ci il tarixli, 546-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 579-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 624-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 638-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 649-IIIQD nömrəli; 24 iyun 2008-ci il tarixli, 654-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə.

About these ads
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: